Bələdçilər

GPS, GNSS və RTK: fərq nədədir

UTM Geodeziya mühəndis heyəti 2 dəq oxu

GPS, GNSS və RTK: fərq nədədir

Telefondakı GPS 5 metr xəta verir, bizim cihaz eyni peyklərdən 2 santimetr alır. Aradakı fərq peykdə deyil.

Sahədə tez-tez eşidirik: «Telefonumda da GPS var, niyə sizin cihaz bu qədər bahadır?»

Sual yerindədir. Cavab isə peyklərdə deyil — hər ikisi eyni peyklərdən siqnal alır.

Terminlər

GPS amerikan peyk sisteminin adıdır. Adi danışıqda bütün peyk naviqasiyasına GPS deyilir, amma bu, brend adının ümumiləşməsidir.

GNSS isə bütün belə sistemlərin ümumi adıdır: amerikan GPS, rus GLONASS, avropa Galileo, çin BeiDou. Müasir geodezik qəbuledici hamısını eyni anda işlədir.

Niyə vacibdir: bir sistemdən 8 peyk görünürsə, dörd sistemdən 25–30 peyk görünür. Peyk çox olanda həll daha sabit və daha sürətli olur, xüsusən binalar arasında, göyün bir hissəsi bağlı olanda.

RTK isə ayrı bir şeydir — sistem deyil, üsuldur.

RTK nə edir

Peyk siqnalı Yer atmosferindən keçərkən gecikir. Gecikmə hava şəraitindən asılı olaraq dəyişir və məsafə hesabına xəta verir. Telefon bu xətanı düzəltmir — ona görə 3–5 metr dəqiqlik alır. Xəritədə küçəni tapmaq üçün bu, kifayətdir.

RTK-nın ideyası sadədir. Koordinatı dəqiq bilinən ikinci bir qəbuledici — baza stansiyası — eyni peykləri izləyir. O, öz məlum koordinatı ilə peykdən hesabladığı koordinatı müqayisə edir və fərqi tapır. Bu fərq elə həmin andakı xətadır.

Baza həmin düzəlişi sahədəki qəbulediciyə real vaxtda ötürür. O da öz ölçməsinə tətbiq edir.

Nəticə: metr əvəzinə santimetr.

Baza məsafəsi məsələsi

Burada mühüm şərt var. Bu üsul yalnız o halda işləyir ki, baza ilə sahədəki cihaz eyni atmosfer şəraitində olsun.

Aralarındakı məsafə artdıqca bu şərt pozulur. Baza üzərindəki atmosfer artıq sizin sahənizdəki atmosfer deyil, düzəliş isə tam uyğun gəlmir.

Praktikada xəta baza məsafəsi ilə tədricən artır. Yaxın məsafədə santimetrin altında qalır, onlarla kilometrdə isə hiss olunacaq həddə çatır. Ona görə uzaq sahələrdə ya öz bazamızı sahəyə yaxın qururuq, ya da nəticəni mütləq nəzarət nöqtəsi ilə yoxlayırıq.

Bu mövzuda sahədə apardığımız ölçməni ayrıca yazmışıq.

RTK nə vaxt işləmir

Göy bağlı olanda. Sıx ağac örtüyü, hündür binaların arası, körpü altı, karxana dibi. Peyk görünmürsə, heç bir düzəliş kömək etmir.

Siqnal əks olunanda. Şüşə fasadlı binalar siqnalı əks etdirir, qəbuledici eyni siqnalı iki yoldan alır və səhv həll verir. Bu, ən xəbis haldır — cihaz «dəqiq» göstərir, amma nəticə səhvdir.

Düzəliş rabitəsi kəsiləndə. Düzəliş mobil internetlə gəlirsə və şəbəkə yoxdursa, RTK dayanır.

Belə yerlərdə elektron taxeometr işə düşür. O, peykdən asılı deyil, amma cihazla nöqtə arasında birbaşa görüntü tələb edir.

Praktikada nə deməkdir

Açıq sahədə RTK ilə bir nöqtə saniyələr içində götürülür. Gün ərzində yüzlərlə nöqtə toplamaq olur.

Kölgəli sahədə isə iş yavaşlayır: taxeometr qurmaq, üzərinə istiqamətlənmək, nöqtəni görmək lazımdır.

Ona görə qiymət təkcə hektarla ölçülmür. Eyni sahə açıq çöldə və sıx tikili massivdə tamam fərqli vaxt aparır — bu, sifarişçilər üçün çox vaxt gözlənilməz olur.